“Azərişıq” ASC ölkənin bütün regionlarında elektrik şəbəkələrində həyata keçirdiyi yenidənqurma işlərinə paralel olaraq, həm də sahibkarların rahat fəaliyyəti və yaranan problemlərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir. Bu sahəyə xüsusi diqqət yetirən “Azərişıq” ASC tərəfindən regionlarda fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə görüşlərdən biri Bərdədə baş tutub. Bərdə Rayon İcra Hakimiyyətinin binasında keçirilən görüşdə 50 nəfərə yaxın sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Mərkəzi Aran RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş zamanı sahibkar və fermerlərə “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarla yanaşı bu işlər həm də Qarabağ və Şərqi Zəngəzərda tam gücü ilə aparılır.
Həmçinin, qurumun elektron xidmətləri barədə sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Paytaxtın bu ərazilərində fasilələr yaranacaq 16 İyul 2026