Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC paytaxt və regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərini davam etdirir. Bununla yanaşı fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir.


Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Lənkəranda baş tutub. Lənkəran Mədəniyyət Mərkəzində keçirilən görüşdə 100-dək sahibkar və yerli sakin iştirak edib. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.


Görüş zamanı sahibkar və vətəndaşlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.


Həmçinin elektron xidmətlər barədə sahibkar və vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilib. Tədbir zamanı yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə ətraflı məlumat paylaşılıb. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb.


Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.


Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirirlər.