“Azərişıq” ASC tərəfindən Tovuz rayonunun “Böyük Qışlaq” ərazisində 21 kəndi elektrik enerjisi ilə təmin edən 35 kilovoltluq (kV) hava xətti yenilənib.
ASC-yə istinadla xəbər verir ki, media nümayəndələri “Azərişıq”ın Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən kəndlərində gördüyü işlərlə tanış olublar.
Tovuz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Pərviz Namazov bildirib ki, “Azərişıq” daxili imkanlar hesabına rayonun Böyük Qışlaq, Çataq, Çeşməli, Həsənli, Qaradaş inzibati ərazi dairəsinə daxil olan kəndləri qidalandıran 110/35/10 kilovoltluq “Zəyəm” yarımstansiyasından çıxan 35 kV-luq “Böyük Qışlaq” (Qandallar) hava xəttinin istismara yararsız hala düşən 7 kilometrlik hissəsini bərpa edib.
“Böyük Qışlaq” hava xəttində 34 ədəd dayaq (19 ədəd anker, 5 ədəd aralıq) yenisi ilə əvəz olunub və 21 kilometr uzunluğunda yeni naqil quraşdırılıb.
“Xətlər istismara yararsız halda olduğundan yenidən qurulub. 35 kilovoltluq “Böyük Qışlaq” hava xətti 35/10 kilovoltluq “Böyük Qışlaq” yarımstansiyasında 1.6 MVA gücündə transformatoru qidalandırır. Həmin yarımstansiyadan 10 kilovoltluq Çatax və 10 kilovoltluq “Böyük Qışlaq” hava xətləri ilə 34 ədəd müxtəlif güclü transformator məntəqələri qidalanır. 35 kilovoltluq “Böyük Qışlaq” hava xəttinin yenidən qurulması ərazidə kənd təsərrüfatının, sənaye obyektlərinin, turizmin inkişafına və əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatına böyük təsir göstərəcək. Bu xəttin çəkilişi dağ turizminin də inkişafına çox böyük təsir göstərəcək”, - deyə P.Namazov əlavə edib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq “Azərişıq” tərəfindən yeni layihələr təsdiq edilib: “1984-cü ildən istismara verilən 35 kilovoltluq “Böyük Qışlaq” hava xəttinin ümumi uzunluğu 22,5 kilometrdir. Hava xətləri 21 kəndə, 11 min 711 abonentə xidmət edir. 1984-cü ildən istismarda olan hava xətlərini keçilməz dağ və əlverişsiz hava şəraiti sıradan çıxarıb. Həmin xətlərin çəkilməsində əl əməyindən daha çox istifadə edilib. Amma hazırda “Azərişıq” ASC-nin malik olduğu müasir texnika sayəsində insan əməyindən istifadə minimuma endirilib və həmin işləri texnika yerinə yetirir. Kəndlərdə 10/0,4 kilovoltluq şəbəkənin yenidən qurulmasına başlanılıb. Yaxın zamanda Əyyublu, Əhmədabad kəndləri istiqamətində olan şəbəkələrin də yenidən qurulması planlaşdırılır”.
Qeyd edək ki, Tovuz rayonunda 102 kənd, 2 şəhər var. Bu rayon ərazisində “Azərişıq” ASC-nin 42 min istehlakçısı var ki, onların da təxminən 2 min 500-ə yaxını qeyri-əhali, 39 min 500-ü isə əhali qrupu abunəçilərdir.
“Azərişıq” ASC-nin 7 Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) biri olan “Qərb” RETSİ-nin ərazisinə Gəncə şəhəri, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Ağstafa və Qazax daxildir.
Xatırladaq ki, Tovuza təşkil edilən mediatur Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibətilə “Azərenerji” və “Azərişıq” ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.
Digər xəbərlər
- Elektrik enerjisinin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri 14 İyun 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- “Azərişıq” ASC ilə “General Group Co.” MMC-nin birgə peşəkar inkişaf layihəsi. 23 May 2024
- Elektrik enerjisinin haqqının vaxtında ödənilməsi sizin rahatlığınızın təminatıdır. 20 Noyabr 2024
- Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 20 Oktyabr 2024