Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişindən sonra respublikamızın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan energetika sektorunda da sürətli inkişafın təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildi, irimiqyaslı layihələr reallaşdırıldı. Azərbaycanın müstəqil enerji sisteminin formalaşması, bu yöndə enerji təhlükəsizliyinin daha etibarlı vəziyyətə çatdırılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya güclərinin, 70 min kilometrə yaxın elektrik ötürücü xətlərin istifadəyə verilməsi, enerji sisteminin real imkanlarının iki dəfədən çox artırılması məhz həmin fikrin məntiqi təsdiqidir.
Onu da qeyd edək ki, ümummilli lider ilk dəfə Azərbaycana rəhbərliyə başlayanda enerji sistemimiz iqtisadiyyatın inkişafına təsir göstərəcək gücə malik deyildi. Ona görə də o dövrdə qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda “Şəmkir” SES və Cənubi Qafqazda ən iri elektrik stansiyası olacaq “Azərbaycan” DRES-in inşasına başlamaq qərara alındı. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu.
“Azərbaycan” DRES-in birinci enerji blokunun işə salınması respublikada əlamətdar hadisəyə çevrildi. Ümummilli lider bu münasibətlə 1981-ci il oktyabrın 20-də Mingəçevir şəhərinə gələrək, burada stansiyanın vəziyyəti ilə tanış oldu, energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verdi. Sonradan isə həmin təqvim cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirildi.
Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə Bakı və onun qəsəbələrinin də elektrik təsərrüfatının inkişafında yeni mərhələ başlanmış oldu. Belə ki, o vaxt Badamdar, Musabəyov qəsəbələrində, 8-ci kilometrdə, Əhmədli, Günəşli, Qaraçuxur yaşayış massivlərində, Respublika stadionunun ətrafında və s. yerlərdə möhtəşəm tikinti işləri gedirdi. Məhz həmin illərdə Bakı Metropoliteninin yeni stansiyaları, “Gülüstan” və Əl Oyunları sarayları, Bakı Dövlət Sirki, “Azərbaycan”, “Bakı”, “Abşeron” mehmanxanaları, elektrotexnika, elektron və digər sənaye sahələrinin iri müəssisələri istifadəyə verildi. Bütün bunların dayanıqlı enerji təchizatının təmin edilməsi bilavasitə Bakı Şəhər Elektrik Şəbəkəsinin üzərinə düşürdü və demək lazımdır ki, şəbəkə bu vəzifənin öhdəsindən layiqincə gəlirdi.
Yeri gəlmişkən, burada onu da xatırladım ki, ötən əsrin 70-ci illərində keçmiş Sovet İttifaqı ərazisində 6 kilovolt elektrik şəbəkələri 10 kilovolt gərginliyə məhz Bakıda, eləcə də şəbəkənin 220/127 voltdan 380/220 volt gərginliyə keçilməsi təmin edildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu həmin dövrdə respublika iqtisadiyyatının sürətli inkişafına imkan verən və onun gələcəkdə iqtisadi cəhətdən müstəqilliyinə zəmin yaradan bir çox iri müəssisə və obyektlərin, o cümlədən Bakı Məişət Kondisionerləri, Heydər Əliyev adına Dərin Özüllər, Bakı Yeni Neftayırma zavodlarının tikintisinə nail olundu ki, onların elektrik enerjisi təchizatının təminatı üçün yeni inşa edilmiş 110 kilovoltluq yarımstansiyalar istismara verildi.
Enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqəti sayəsində respublikamızın, o cümlədən, Bakının elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi.
Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə respublikada bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr gerçəkləşdirildi, bir-birinin ardınca yeni elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri və yarımstansiyalar istifadəyə verildi. Şübhəsiz ki, bütün bunlar, ilk növbədə, Azərbaycanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsini reallaşdırdı, eyni zamanda, respublikanın sənaye potensialının artırılmasında önəmli rol oynadı.
Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikamızın enerji sisteminin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində ötən əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılıb, istehlak isə 21,7 milyard kilovat-saata yaxın olub və 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilib. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olub.
Beləliklə, əgər 1969-cu ilədək Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Bununla da, elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Respublikaların maliyyə imkanlarının məhdud olduğu bir dövrdə çox böyük maliyyə vəsaiti tələb edən bu irimiqyaslı işlərin görülməsi üçün keçmiş ittifaq büdcəsindən vəsaitin ayrılmasına nail olmaq həmin dövrdə heç də asan məsələ deyildi.
Energetika sahəsinin belə bir dinamik inkişafı isə Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi çətin və mürəkkəb siyasi şəraitdə respublikamızı regionda xüsusi maraqları olan xarici dövlətlərin enerji təhdidlərindən qoruya bildi.
Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlanıldı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Ötən əsrin 90-cı illərində hər birinin uzunluğu 1,4 kilometr olan 110 kilovoltluq 1-ci və 2-ci Aeroport (“Qala” və “Suraxanı” yarımstansiyaları arasında hava xəttindən budaqlanma), 1-ci H. Aslanov hava xətləri çəkildi. Bakı ətrafındakı Kürdəxanı, Şağan, Türkan, Zirə, Nardaran qəsəbələrinin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 35 kV-luq yarımstansiyalar, habelə şəhərin digər yerlərində 99, 202, 212, 213, 431 saylı və s. yarımstansiyalar istismara verildi.
Ulu öndərimiz xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı elektroenergetika təsərrüfatının yenidən qurulması məsələlərini də diqqət mərkəzində saxlayırdı. Tikintisi hələ 1984-cü ildən yarımçıq qalan “Şəmkir” SES-in davamı olan Yenikənd Su Elektrik Stansiyasının inşasının başa çatdırılması bunun bariz ifadəsi idi. Xatırladım ki, keçmiş SSRİ süqut etdiyi vaxt burada tikinti işlərinin 60 faizi görülmüşdü. Lakin maliyyə vəsaitinin və düzgün idarəçiliyin olmaması səbəbindən müstəqillik dövründə – 1992-ci ildə həmin SES-in tikintisi dayandırılmışdı. Ümummilli lider 1995-ci ilin dekabırında Böyük Britaniya və Şimali İrlandiya Krallığına işgüzar səfəri zamanı investisiya probleminin həllinə nail oldu, Avropa Yenidənqurma və İnkişaf Bankı stansiyanın tikintisinin başa çatdırılması üçün maliyyə dəstəyi verdi. Energetiklərimizin və inşaatçılarımızın səylə və məsuliyyətlə işləmələri nəticəsində 2000-ci ilin dekabr ayında 150 MVt gücündə olan Yenikənd SES işə salındı.
Həmin dövrdə reallaşdırılan tədbirlər hesabına ölkəmizin İran, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə ilə elektroenergetika sistemləri əlaqələndirilmişdir. Bununla yanaşı, “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunların qəbulu ilə Heydər Əliyev, eyni zamanda, Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik bazasını formalaşdıraraq, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.
Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, Azərbaycanda energetika sisteminin dönüş mərhələsi, başqa sözlə, iri tutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi hələ ötən əsrin 70-ci illərindən etibarən dahi öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə geniş vüsət almışdır. Hakimiyyətə qayıdışından sonra ümumilli liderimiz o zaman energetika sahəsində gördüyü işlər haqda belə deyib: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında – red.) məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə–SSRİ-də vahid elektrik enerjisi sistemi var, bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə, verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.
Ümumiyyətlə, ulu öndərimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də 1993-ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın energetika sahəsinə, o cümlədən, Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir.
Yeri gəlmişkən, burada tarixi bir hadisəni də yada salmaq istərdim. Ümumilli lider 2000-ci il oktyabrın 20-də 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsinin açılışı mərasimində çıxışı edərək, deyib: “Bizim bu günkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində – 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilib. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. Yüz ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur”.
Dahi öndərin bu fikrini xatırlatmaqda məqsədim bu böyük şəxsiyyətin Azərbaycana rəhbərliyi illərində onun energetika sisteminin inkişafını daim diqqət mərkəzində saxlamasını, respublikamızın elektrik enerjisi sahəsində heç bir ölkədən asılı vəziyyətə düşməməsi və müstəqil enerji sisteminə malik olması üçün geniş miqyaslı tədbirləri görməsini bir daha vurğulamaqdır.
Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 17 ildə elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işlər böyük vüsət alıb. Dövlətimizin başçısı aprelin 20-də Bakıda “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində bu barədə ətraflı bəhs edərək qeyd edib: “Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı...”.
Doğrudan da, Prezident İlham Əliyevin imzaladığı 10 fevral 2015-ci il tarixi sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurumun – “Azərişıq” ASC-nin yaradılması bir zərurət idi. Çünki bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək kimi qarşıya böyük və məsuliyyətli bir vəzifə qoyulmuşdu.
“Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri tərəfindən mövcud vəziyyət öyrənilərək, genişmiqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanıldı. Həmin məqsədlə reallaşdırılan Proqramın I hissəsi elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlərdən ibarət idi. Bu isə regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasını, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasını, sənaye sahələrinin, habelə turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsini şərtləndirdi. Fiziki və mənəvi cəhətdən köhnələn elektrik dirəkləri, naqillər yeniləndi, transformatorlar təzələri ilə əvəzlənərək, müasir tipli yarımstansiyalar və komplekt transformator məntəqələri quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu. Regional şəbəkələrin yenidənqurulması və müasir texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər reallaşdırıldı.
Prezident İlham Əliyev yeni strukturu yaradarkən qarşıya qoyduğu “Bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır” tələbi “Azərişıq” kollektivinin əsas fəaliyyət devizinə çevrildi. Yaradıldığı çox qısa bir müddət ərzində, 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq – Bakı şəhərində “Buzovna-2”, Şəkidə “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy” yarımstansiyaların inşasını başa çatdırdı. Bundan başqa, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olundu, 35 kV-luq gücündə 22 yeni yarımstansiya istifadəyə verildi. Həmin gücdə 400-dək yarımstansiya təmir edildi. Gəncədə qədim şəhərsalma üslubuna uyğun yeni yarımstansiya tikilib işə salındı. Həmçinin 35/6 kV-luq “Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi istifadəyə verildi.
Xüsusilə nəzərə almaq lazımdır ki, ötən dövrdə bütün bu işlər demək olar ki, əlavə investisiya vəsaitləri cəlb etmədən – “Azərişıq” ASC-nin tam daxili resursları hesabına gerçəkləşdirilmişdir.
Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatan köhnə transformatorların yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz olunması diqqət mərkəzində saxlanılıb. “Azərişıq” ASC tərəfindən indiyədək 5 minə yaxın bu cür yeni tipli komplekt transformator məntəqəsi quraşdıraraq istifadəyə verilib.
Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində elektrik təminatının yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırıb. Məsələn, bir faktı xatırlatmaq istərdim: Zaqatala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bu kənd rayon mərkəzindən 30 kilometr məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Kənd sakinləri uzun illərdi ki, necə deyərlər, işıq üzünə həsrət qalmışdılar. “Azərişıq” ASC tərəfindən bu problem daxili imkanlar hesabına birdəfəlik həll edildi. Yaxud, tarix boyu elektrik enerjisi olmayan Astaranın ucqar Şəvqo, Sekaşan, Doli və Diqo kəndlərində də belə bir çətinlik aradan qaldırıldı. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə, ən çətin relyefdə yerləşən həmin kəndlərdə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə quruldu. Beləliklə, heç vaxt işığı olmayan 169 yaşayış evinin və ya 1000-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 10 kilometr 10 kV-luq və 22,4 kilometr 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkildi, 10/0,4 kV-luq müxtəlif güclərdə 7 ədəd komplekt transformator məntəqəsi quraşdırıldı.
“Azərişıq” ASC müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə də daim xüsusi diqqət və qayğı göstərib. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnələn, istismara yararsız hala düşən elektrik dayaqları dəyişdirilib, naqillər, transformatorlar yeniləri ilə əvəzlənib və müasir tipli yarımstansiyalar quraşdırılıb. Bir sözlə, cəbhə bölgəsinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən, ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb, burada müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya işə salınıb.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, cəbhəyanı ərazilərdə elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir, yeni elektrik xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir. Bununla əlaqədar olaraq, “Azərişıq” ASC Ağdam rayonu ərazisində elektrik enerjisi şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə layihənin icrasına başlayıb. İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulur, o cümlədən yeni güc mərkəzləri yaradılmaqla açıq naqillərdən ibarət xətlər kabel xətləri ilə əvəzlənir. Görülmüş işlərin nəticəsində əhalinin elektrik enerjisi verilişində fasilələr tam aradan qaldıracaqdır.
Son illərdə elektroenergetika sahəsində elektron-rəqəmsal sayğacların istismara verilməsinin diqqət mərkəzində saxlanılması mövcud sistemdə insan amili təsirinin minimallaşdırılması ilə bağlıdır. Belə ki, məsafədən oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırılır və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya olunur.
Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir.
Onu da xatırladım ki, 2011-ci ildən tətbiqinə start verilən SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik və illik) haqda tam məlumatların alınması/ verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır.
Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə də mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.
Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhmdar cəmiyyətdə “Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağrışını dərhal icra etmək üçün “Qəza xidməti” də fəaliyyətdədir.
Abonentlərinə müxtəlif elektron xidmətlər də göstərən “Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə də xüsusi diqqət verilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksəkixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi üçün elektroenergetika sahəsində ilk dəfə olaraq müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb.
“Azərişıq” ASC fəaliyyəti ərzində generasiya güclərinin artırılmasında da fəal iştirak edib. Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli sərəncamın icrası ilə əlaqədar səhmdar cəmiyyətin balansına verilən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarda (KES) təmir və bərpa işlərinə başlanılıb. Stansiyaların istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün “Yeni Yaşma” KES-in ərazisində 20/110 kilovoltluq 2x40 MVA gücündə və 10/35 kilovoltluq 4 MVA gücündə yarımstansiyalar inşa edilib, 110 kilovoltluq 4-cü Yaşma və 35 kilovoltluq Yaşma Bağları hava xətləri ilə əlaqələndirilib.
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərişıq” ASC-yə aid 3 strateji hədəfi, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.
“Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Artıq ölkəmiz Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan Azərbaycanın adı inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə bizə xüsusi qürur verir. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Möhtərəm Prezidentin gərgin əməyi və səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun da bütünlüklə yenilənməsinə səbəb olub. Bu işdə az da olsa payımızın olması bizə sevinc hissi bəxş edir. Bugünkü işıqlı günlər, sevincli anlar dünyaya günəş kimi nur saçan möhtəşəm bir ölkənin - Azərbaycanın təntənəsidir.
Sevindirici haldır ki, cənab İlham Əliyev aprelin 20-də “Azərenerji” ASC-nin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin yuxarıda qeyd edilən açılış mərasimində görülən işləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, Respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər: “Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.
Azərbaycan Respublikası Prezidentinin enerji təsərrüfatında görülən işlərə verdiyi belə yüksək qiymət biz energetiklərin məsuliyyətini daha da artırır. Ötən 5 il ərzində əldə edilən müsbət göstəricilər bu yolda inamla irəli gedəcəyimizi, ölkə başçısının etimadını yüksək səviyyədə doğrulda biləcəyimizi deməyə əsas verir. Xalqımızı, Prezidentimizi əmin edirik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcək və Azərbaycanın tarixdəki ən qüdrətli mərhələsinin yaradılması prosesində yaxından iştirakları ilə hər zaman qürur duyacaqlar.
Vüqar ƏHMƏDOV,
“Azərişıq” ASC-nin sədri
Digər xəbərlər
- “Azərişıq” ASC peşəkar kadrların hazırlanması üçün təlim kursları təşkil edib 24 Oktyabr 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin rolu artırılır 25 İyul 2024
- “Azərişıq” ASC Lerikdə sahibkarlarla görüş keçirib 15 İyul 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- “Azərişıq” ASC-də elektrik enerjisi itkilərinin azaldılması məqsədilə tədbirlər həyata keçirilir. 14 İyun 2024